183 02-02-2018

Ailə faciəsi

 

Kaş ki... Bu, leksikonumda işlətməkdən qaçdığım kəlmələr sırasında öndə gəlir. Ancaq “Ata narkoman qızını doğradı” xəbərini oxuduğum zaman ilk işlətdiyim söz bu oldu... Bu xəbər mənə sözlə ifadə edə bilmədiyim, sanki dəhşətli bir daxili zəlzələ yaşatdı. Düşündüm ki, kaş ki zamanında doğru-düzgün tərbiyə etsəydi...

Xəbər haqqında əlavə şərhə ehtiyac duymuram. “Ata narkoman qızını doğradı” - elə bu dəhşət və vəhşət dolu cümlə hadisəni təfərrüatı ilə izah edir. Ancaq bu hadisənin yaranma səbəbləri cəmiyyətin bütün fərdlərini narahat etməlidir. 20 yaşlı övladını öz əlləri ilə qətlə yetirən ata məhbus həyatı yaşayıb. Demək ki, qızı bu həyatın iyrənc tərəflərini atasının sayəsində elə əvvəldən görüb, “yaşayıbmış”. Demək ki, ata adını daşımağa layiq olmayan birisi ona “atalıq” edibmiş. Demək ki, o, mənən çoxdan ölübmüş...

Araşdırmalar göstərir ki, bir insanın xoşbəxt olması üçün gələcəyə güvənlə baxması, sevdiyi işi, inana biləcəyi dostları, mənəvi rahatlığı, müstəqilliyi, düzgün qərar verə bilmə qabiliyyətinin olması vacibdir. Ancaq bunlardan da önəmlisi, yəni xoşbəxtliyin ƏSAS şərti kimi sağlam ailə münasibəti göstərilir. Ailə fərdləri arasında münaqişə olduqda, sağlam münasibət qurulmadıqda digər nüanslar insanı xoşbəxt edə bilmir.

Hər birimiz üçün mənəvi dəyərlər mühümdür. Valideyn sevgisi bu dəyərlər sırasında xüsusi yer tutur. Ana və ata sevgisi hər şeydən güclüdür və bu sevgi övladı həyata bağlayan ən böyük qüvvədir. Ancaq son dövrlərdə bu sevginin günbəgün azaldığının şahidi oluruq. Nəticə isə ailədaxili kriminal hadisələrin baş verməsilə sonuclanır.

Düşünürəm ki, bu kimi acı hadisələrin kökündə övladlarımızı böyüdən zaman etdiyimiz səhvlər dayanır. Nədənsə bəzi valideynlər övladlarını yetişdirərkən bir sıra dəyərləri önəmsəmirlər.

Düzgün tərbiyənin ən əsas şərti övlada doğruları əməllərimizlə göstərməkdir ki, bunu çoxlarımız bilmirik. Əksər valideynlərin əməlləri ilə tələbləri üst-üstə düşmür. Əgər övlad valideynin əməllərində güvən, hörmət, sevgi, həssaslıq, dostluq, mərhəmət görməzsə, cəmiyyətdə neqativ halların sayının artması adiləşər...

Dinimizdə də buyurulur ki, ata-ana olacaq insan öz məsuliyyətini dərk etməli, özü namuslu olmalı, övladına gözəl ad qoymalı, dinini öyrətməli və elmi biliklərə çatdırmalıdır. Əgər ata-ana övladına qarşı məsuliyyətli, mərhəmətli deyilsə, övladını öz əlləri ilə günah əməllərə sövq edirsə, nəticə sarsıdıcı olur. Bu baxımdan qəbul etməliyik ki, övladı istədiyi kimi yedirib-geydirmək, oxutmaq, maddi xərclərini təmin etmək hələ onun tələbatını ödəmək, mərhəmətli olmaq demək deyil.

Bu günlərdə uzun müddət Almaniyada yaşayan bir xanımla söhbətləşirdim. O, övladların düzgün tərbiyəsi ilə bağlı söhbət əsnasında Almaniyada uşaq hüquqlarından bəhs etdi. Bildirdi ki, Almaniyada orta məktəblərdə müəllimlər hər gün şagirdləri evdə onlara qarşı olan vəziyyətlə bağlı sorğu-sual edirlər. Əgər şübhəli hallar olarsa, tez-tez həmin ailəyə baş çəkilir, valideynin əməlləri və uşaqla rəftarında qüsurlar aşkarlandığı təqdirdə isə bu barədə müvafiq qurumlara məlumat verilir. Neqativ hallar təsdiqləndiyi təqdirdə isə onların övladları əllərindən alınır.

Görünür, bizim də ailələrə bu cür yanaşma tərzinin tətbiqinin vaxtı çoxdan yetişib. Baxmayaraq ki, islamda bu cür halların tənzimlənməsi halları ilə bağlı çox aydın izahat var, lakin əməl edilmir. Görünür, bir zamanlar böyük əhəmiyyət kəsb edən “Ailə kralların belə girə bilmədiyi bir qaladır” fikri öz qüvvəsini itirməkdədir. Ancaq danılmaz bir fakt var ki, bir məmləkətin yüksəlişi ev və ailə məhəbbətilə bağlıdır. Bu məhəbbət olmazsa, həmin cəmiyyət məhvə doğru gedər. Ailə münasibətlərinin sağlam olduğu cəmiyyətdə yaşamaq ümidilə...

 

Anzulə Əmirova

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş