275 02-02-2018

Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyi

Bakı Dövlət Universitetində Heydər Əliyev muzeyi var. Hər gün yanından keçib işə gəlirəm, evə gedirəm. Muzey mənim iş yerimlə qonşudur. O biri qonşusu isə universitetin böyük akt zalıdır. Heydər Əliyev muzeyinin iyirmi yaşı var. Sevgisini hamıya açıb danışan, təcrübəsiz bir oğlanın, yaxud eşqini hamıdan gizlədən, danışmağa qorxan gənc bir qızın ömrü qədərdir. 1997-ci ildə, özü də mərhum prezidentin şəxsi razılığı ilə yaradılıb və o gündən bu günə kimi fəaliyyətdədir.

Muzeyin direktoru filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Abbasəli qızı Kərimovadır. Təəssüf ki, Zəkiyyə xanım səhhəti ilə bağlı olaraq işə gəlməmişdi. Ondan soruşacağım, muzeylə bağlı öyrənmək istədiyim bir çox şeylər vardı. Allah Zəkiyyə xanıma şəfa versin, gözəl insandır. O, danışmadı, nə olsun? Əvəzində divarlar danışdı, tarixi sənədlər, fotoşəkillər danışdı, dindi. Söhbət hansı sənədlərdən gedir? Məsələn, 1939-cu ildə Naxçıvan şəhərindəki beynəlmiləl məktəb tərəfindən Heydər Əliyevə verilmiş attestat, onun Bakı Dövlət Universitetinə daxil olmaq istəyini bildirən ərizə, imtahan vərəqi və s.

Heydər Əliyevin tələbəlik illəri, BDU-nu bitirərkən çəkilən toplu şəkil (vinetka), tarix fakültəsinin bitirməsi ilə bağlı diplomuna düşünə-düşünə baxmaq doğrudan da maraqlıdır. Muzeyin lap baş tərəfində Heydər Əliyevin böyük bir plokatı vardı. Yadıma gəlir, birinci kursda oxuyanda tələbə yoldaşlarımızla o plokatın qabağında şəkil çəkdirmişdik. Bu böyük plokata baxanda istər-istəməz nə düşündüm? Sanki muzeyə bu şəkil nəzarət edir, gələni-gedəni özü qarşılayır, özü yola salır. Muzeyin mehriban, səmimi müdiri də bu şəkilin özüdür.

Gözüm muzeyin divarlarında gəzirdi, həm də fikirləşirdim ki, universitet tələbələri üçün örnək olan bu sənədlərin son dərəcə tərbiyəvi əhəmiyyəti var. O mənada ki, Heydər Əliyevin attestatında qiymətlərinin hamısı yüksək dir. Öz attestatımdakı qiymətlər yadıma düşdü. Bədən tərbiyyəsindən, bir də əmək təlimi dərslərindən 5 almışdım, qalan qiymətlərimin hamısı 3 idi.

Muzeydə onu da görürsən ki, Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində Bakı Dövlət Universitetinə tez-tez baş çəkib, bu ali təhsil ocağına hər zaman xüsusi diqqət göstərib. Muzeyin divarındakı fotoşəkillər arasında onun BDU-nun yubileylərində iştirakı və çıxışları da var. Bundan başqa xalqın tələbi ilə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə dönüşünü əks etdirən tarixi faktlar, müstəqil Azərbaycan dövlətinin dünyaya tanıdılmasında göstərdiyi titanik fəaliyyət, xarici ölkələrə səfərləri, bu səfərlərdə Azərbaycanın milli maraqlarının qorunması yolunda atdığı addımlar da fotoşəkillər və sənədlərlə tarixiləşdirilib. Onun bir çox ölkə başçıları ilə görüşləri və aparılan danışıqlar ayrıca guşədə əks olunub.
Muzeydə Heydər Əliyevin bir sıra ölkələrinin ən qabaqcıl universitetləri, o cümlədən Bakı Dövlət Universiteti tərəfindən verilmiş fəxri doktor diplomlarının surətləri və medallar xüsusi yer tutur. Mən muzeyi gəzib-dolaşdıqca fotoqraf Salam dayı şəkillərimi çəkirdi. Öz-özümə fikirləşirdim ki, bəlkə mən də gələcəkdə böyük bir insan oldum, bəlkə Salam dayının çəkdiyi bu fotolar da nə vaxtsa tarixə çevriləcək.

Heydər Əliyev muzeyi ərazi baxmınından o qədər də böyük deyil. Ancaq bu balaca yerdə Heydər Əliyevin gərgin fəaliyyəti ilə yanaşı, onun ömrünün ən incə məqamlarından bəhs edən sənədlər, fotoşəkillər, kitablar yatır, yaşayır. Ailə albomundan da fotoşəkillər təqdim olunur. Və ən maraqlısı odur ki, muzeyin çoxsaylı ziyarətçiləri arasında prezident İlham Əliyevin də adı var. İlham Əliyev iki dəfə - 2000 və 2009-cu illərdə universitetə səfəri zamanı muzeyi ziyarət edib və xatirə kitabına öz fikirlərini yazıb.

Heydər Əliyev muzeyinin xatirə kitabında yazılan xoş sözlər, kəlamlara baxdım. İlahi, bura - bu balaca muzeydən kimlər gəlib, kimlər geçib? Kimlər gəlir? Və kimlər gələcək? Dünyanın tanınmış ictimai-siyasi xadimləri, elm və təhsil nümayəndələri, alimlər, elm adamları ziyalılar, nazirlər, siyasətçilər, prezidentlər, tələbələr...

 


 

 

Digər yazılar

Universitet yeməkxanaları- REPORTAJ

BDU-nun kitabxanası - reportaj

Bakı Dövlət Universitetinin "Bakı universiteti"

BDU-nun “Gənc İstedadlar” liseyi