193 02-02-2018

“Elnur Məmmədli, biz səninləyik!”

 


İstərdim ki, bu, olimpiya çempionu Elnur Məmmədlinin London Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşməsindən, hakimlərin qərarı ilə Kanada idmançısı Antuan Valua-Forteyə məğlub olmasından sonra hər bir azərbaycanlının ürəyindən gələn və dilində ifadə etdiyi fikir olsun. Amma təəssüf ki, olmadı!

Heç cür sakitliklə qəbul edə bilmirəm. Alınmır, zorla deyil ki. Mənim millətimin bəzi nümayəndələrinə dərs keçmək vaxtım da deyil, heç buna niyyətim də yoxdur. Amma bəzən məsələlərə elə reaksiya verirlər ki, adamın qanı qaralır. Maraqlıdır, BİZ nə vaxtsa BİR ola biləcəyik? Sevincli və ya kədərli anlarımızda BİRLİK hissini yaşamaq niyə bizə qismət olmur axı?! Kimin qarğışı keçib bizə? Niyə bir uğur əldə edən kimi kimlərsə “mız” qoyur, uğursuzluq olan kimi “baltalı da vurur, baltasız da”?! 

Elnur Məmmədlinin məğlubiyyətinə təzəcə üzülməyə başlamışdım ki, bu dəfə də bizim bəzi “idmançılarımızın”, “şərhçilərimizin”, “proqnozçularımızın” düşüncələri qanımı tamamilə qaraltdı. Ay insan, imkan verin, bir ürəkdən kədərlənək də... 
Elnurun məğlubiyyəti xəbəri yayılan kimi yenə klaviaturalar düşdü işə... Biri deyir, “görünür, yaxşı vəd verməyiblər, ona görə qəsdən uduzub”, digəri deyir “bayraqdarımız belə olanda sonrasından Allah  saxlasın”. Kimsə yazır ki, “Elnura komanda versəydilər ki, rəqibi müxalifətçidir, nəticə başqa cür ola bilərdi, ümidlərimizi puç etdi, deyəsən, Pekin zəfəri onu çox özündən razı salmışdı”. “Ona görə uduzdu ki, 2008-ci ildə Olimpiyadaya idmançı kimi getmişdi, bu dəfə DYP işçisi kimi”. “İndi getsin, onlar artıq şişiblər”, Tatamidən kresloya göndəriləndə axırı belə də olmalı idi...”.
 Bu kimi fikirləri əsəbləri sakit halda oxuyub üstündən keçmək olmur... 

Məğlubiyyətdən sonra dərhal Elnur Məmmədlinin fikirlərini öyrəniblər, o isə “mənim sözüm yoxdur. Məğlubiyyətin səbəbini izah edə bilmərəm,” - deyib. Üstəlik, bununla bağlı yerli saytlarda yayımlanan xəbərlərdən birinə “onun hələ dili də var danışmağa” şərhini yazan insanımızın bunu ürəyi ilə yazdığına inanmaq və sakitliklə qarşılamaq istəmirəm... 

Ən azı məndə alınmır. Bəlkə də, mənim qardaşım idmançı olduğu üçün, onun gecə-gündüz çəkdiyi əziyyətlərin, həyəcanların, bayrağımızı hər dəfə birinciyə qaldırmaq məqsədilə yaşadığı narahatçılığın şahidi kimi bəzi adamların Elnur Məmmədlinin uduzmağına verdikləri reaksiyanı sakit qarşılaya bilmirəm!

Axı siz, Allah bilir, ömrünüzdə bircə dəfə də olsun, idmanın ən yüngül sahəsi ilə belə məşğul olmamısınız, heç yarımca dəfə də Vətəni təmsil etmək hisslərinin nə olduğunu belə yaşamamısınız! Niyə illərdir bayrağımızı ucalara qaldıran birisi haqqında bu cür mənasız ittihamlar irəli sürürsünüz? Axı hansı idmançı  olimpiadaya uduzmaq məqsədilə qatıla bilər?! 
O, qalib gəlməyi məndən də, sizdən də çox istəməzdimi?! Çünki onun qələbə xəbərini həyəcanla gözləyən anası, bacısı, qardaşı, yaxınları var. Hətta o, yarışa qatılanda da elə düşünüb ki, millətinin hər bir fərdi onun qələbəsinə dualar edir... 

Ən azından sizdən fərqli olaraq, o, QALİBİYYƏT HİSSİNİ, AZƏRBAYCAN BAYRAĞINI ZİRVƏYƏ QALDIRMAQ XOŞBƏXTLİYİNİ dəfələrlə yaşayıb, yaşadıb və bu, artıq onun həyat amalına çevrilib. 

Nə olar, bir az həssas olaq, hadisələrə vicdanımızla yanaşaq. Kimsə bu gün uduzursa, ona mənəvi dəstək olmaq əvəzinə, onu daha da aşağılamayaq. Unutmayaq ki, o, sənin üçün, sənin torpağın, Vətənin, millətin, bayrağın və s. kimi sənin də ən dəyərli saydıqların üçün mübarizə aparır. Mübarizə apararır ki, səni, məni, millətimi, Vətənimi dünya dövlətləri içərisində birinci etsin!

Hər şeyə qara eynəklə baxmayaq! Bunun faydası yoxdur, gəlin əlimizdən gəldiyi qədər faydalı əməllərlə məşğul olaq. Vallah, digər şeylər ikinici, üçüncü, bəlkə də, sonuncu dərəcilidir... İdman sahəsində tariximizi yazanları qiymətləndirək, ən azından bir xoş sözlə, ən azından təsəlli naminə gülər bir üzlə...

Anzulə Əmirova
 

 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş