903 02-02-2018

"Mənə ən çox təsir göstərən  “Xudafərin körpüsü” əsəri olub"

Bəzən oxuduğumuz bir əsər həyatımıza çox ciddi təsir edir. Hətta həmin əsərin təsiri nəticəsində hadisələrə baxışımız belə dəyişir. Bu sayımızdan etibarən alimlərimizlə bu barədə söhbətləşməyə qərar verdik. “Həyata baxışınızda  dönüş yaradan əsər hansıdır?   sualımızı ilk olaraq Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu  cavablandırıb:

− Fərman Kərimzadənin Şah İsmayıl Xətainin həyatı, uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsindən bəhs edən “Xudafərin körpüsü” əsərini deyərdim. XV əsrin sonu, XVI əsrin əvvəllərində baş verən tarixi hadisələrin, Şah İsmayıl Xətainin  şair, sərkərdə, dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şəraitin təsvir edildiyi, tarixi şəxsiyyətlərin obrazlarının yaradıldığı əsərdir. Həqiqətən də elə əsərlər var ki, insanın gələcəkdə hansı yolu tutmasına, hansı dəyərlərə üstünlük verməsinə  ciddi təsir göstərir. Mənə ən çox təsir göstərən  “Xudafərin körpüsü” əsərindəki epizodlar, əsas ideyanın çatdırılmasına dair verilən müxtəlif məqamlar olub. Burada Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin obrazı  məharətlə yaradılıb. Fərman Kərimzadənin, İsmayıl  Şıxlının əsərlərində Azərbaycan milli kimliyinin kodları gizlənib. Sovet dönəmində yalnız mətbuat deyil, ədəbiyyat üzərində də güclü senzura var idi.  Buna baxmayaraq yazıçılarımız əsərlərində əsas kodları ötürə bilirdilər. Fərman Kərimzadənin əsərləri, xüsusən, “Xudafərin körpüsü”  bu baxımdan daha böyük məna yükünə malikdir.  Əsərdə İsmayılın Hüseyn Lələ bəy ilə söhbətləri verilib. Bu söhbətlərin birində İsmayılın lələsinə sualı verir ki, mən kiməm? Hüseyn Lələ də ona izah etməyə başlayır. Məhz həmin məqam  kiçik İsmayılın Şah İsmayıl məqamına yüksəlməsində önəmli rol oynayır.

İlahə Dadaşova,

Filologiya fakültəsinin dissertantı 

 

 

Digər yazılar

“Qarqantua  və Pantaqruel”  bugünkü dünyanı ifadə edən ən nümunəvi əsərdir"

“Ölüm hökmü” əsəri məni özünə daha çox cəlb edir

"Onun əsərlərini hər zaman sevərək oxumuşam"