234 02-02-2018

Bakı Dövlət Universitetinin "Bakı universiteti"

Bu sayımızdan etibarən "Həftə içi" qəzeti yeni layihəyə start verir. Layihənin məqsədi ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəsmi orqanları olan qəzetlərin işi, fəaliyyəti və kollektivi barədə oxuculara məlumat verməkdir.

Təbii ki, bir çox oxucu üçün də maraqlıdır ki, hazırda universitet qəzetlərinin fəaliyyəti hansı səviyyədədir, indi daha çox internetə meyil göstərən tələbələr ali məktəblərdə buraxılan qəzetləri vərəqləyirlərmi? Bizim üçün də, oxucularımız üçün də maraq doğuran bu suallara cavab tapmaq məqsədilə bu dəfə yolumuzu universitetlərdən salacağıq. İlk seçdiyimiz ünvan isə ölkənin ən qədim ali təhsil ocağı olan Bakı Dövlət Universitetidir. BDU-nun rəsmi orqanının adı "Bakı Universiteti"dir.

 

Uzun tarixin qısa xülasəsi

 

Əsası 1929-cu ildə qoyulan "Bakı Universiteti" qəzeti 1947-ci ildən mütəmadi olaraq nəşr olunur. 1990-cı ilə qədər "Lenin tərbiyəsi uğrunda" adı ilə Azərbaycan və rus dillərində işıq üzü görən qəzetə müxtəlif illərdə Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanaov, Vəli Məmmədov, Eldar Əliyev, Ağamusa Zeynalov, Bayram Hüseynzadə, Haqverdi Rzayev kimi jurnalistlər redaktorluq edib. Bu illər ərzində qəzetdə Azərbaycanın ən tanınmış jurnalistləri və elm adamları ilk qələm təcrübələrini qazanıblar. 2007-ci ilin sentyabrından BDU-nun mətbuat və informasiya şöbəsinə birləşdirilən qəzetin baş redaktoru filologiya elmləri namizədi Şərəf Cəlilli olub. 2009-cu ilin sentyabr ayından müxtəlif səbəblərə görə fəaliyyətini dayandıran "Bakı Universiteti" qəzeti sonradan nəşrini yenidən bərpa edib. 2010-cu ilin mart ayından isə qəzetə Anzulə Əmirova rəhbərlik edir. Qəzet 2000 tirajla nəşr olunur, ali məktəbdə pulsuz yayılır. Redaktor da daxil olmaqla 6 nəfərdən ibarət heyətə malikdir.

 

"Özünü fəth etməyi bacar"

 

Qəzetin redaktoru Anzulə Əmirovanın sözlərinə görə "Bakı Universiteti"nin universitet daxilində öz oxucu kütləsi var və xüsusilə də son dövrlər qəzet rəngli nəşr olunduğundan ona maraq daha da artıb: "Mənim burada redaktor kimi fəaliyyətim uzun zaman çərçivəsində olmasa da, deyə bilərəm ki, 80 ildir qəzet sanki doğma universitetimizin həyatını seyr edir, onun acılı-şirinli, kədərli-təntənəli günlərini tarixin yaddaşına köçürür: "Özünü fəth etməyi bacar" şüarı ilə nəşr olunan qəzetimiz qarşısına təlim-tərbiyə işinin müxtəlif sahələrini işıqlandırmaq, tədrisin keyfiyyətini, gənclər arasında tərbiyə işinin səviyyəsini yüksəltmək, mühüm elmi problemləri şərh etmək və istiqamətləndirmək, nəzərəçarpan qüsurların aradan qaldırılmasında üniversitet rəhbərliyinə yaxından kömək göstərmək kimi mühüm vəzifələr qoyub. Onu da nəzərinizə çatdırım ki, son 1 ildə qəzet rəngli çıxır və bununla yanaşı, janr rəngarəngliyi, mövzu müxtəlifliyi özünü büruzə verir. Eyni zamanda tələbələrin, təbii ki, müəllimlərin də marağına səbəb olacaq rubrikalarla çıxış etməyə çalışırıq".

Anzulə xanımın dediyinə görə, tələbələri qəzetə cəlb etmək üçün əllərindən gələni edirlər: "Hazırda qəzetimizin elektron səhifəsi də var, bununla yanaşı, "Facebook" sosial internet şəbəkəsində də səhifə yaratmışıq. Buraya üzv olanların sayı günü-gündən artır, deməli, qəzetimizə maraq da artır. Onu da qeyd edim ki, bizim üçün tələbələrin fikirləri çox önəmlidir. Belə ki, rubrikalar hazırlayarkən onların istəyini nəzərə alırıq. Elə "Facebook"da da sorğu keçirdirik ki, görək tələbələrimiz üçün daha maraqlı mövzular hansılardır. Ona görə də son vaxtlar daha maraqlı rubrikalarımız işıq üzü görür. Bunlardan "Prezident təqaüdçüləri", "Məşhur universitet", "Tələbə dünyası", "Kitab oxuyaq", "Məşhur müəllimlərlə müsahibə" maraqlı rubrikalarımızdandır. Hansı ki, məsələn, "Kitab oxuyaq" rubrikasında universitetin müəllimlərindən kitab oxumaq, onun faydaları, onların daha çox hansı kitablara üstünlük vermələri barədə müsahibələr hazırlanır.

 

"Tələbə şikayəti olarsa, təbii ki, işıqlandırarıq"

 

"Əgər tələbələrə qarşı hər hansı bir haqsızlıq baş verərsə, onu qəzetinizdə işıqlandırarsınızmı" sualına Anzulə xanım belə cavab verdi: "İnanın, səmimi deyirəm, hələ ki, belə bir şikayət olmayıb. Təbii, bu o demək deyil ki, onlara qarşı hər hansı bir hüquq pozuntusu halları baş vermir, lakin bizə bu barədə məlumat verən, ya da şikayət edən olmayıb. Amma belə bir hal baş verərsə, yəni hər hansı bir tələbə bu barədə şikayət edərsə, onun rastlaşdığı faktı işıqlandırmağa hazırıq. Çünki hörmətli rektorumuzun da göstərişi var, müəllimlər tərəfindən tələbələrə qarşı haqsızlıq olarsa, bu barədə mütləq məlumat çatdırılsın".

 

Filologiya fakültəsinin tələbələri daha aktivdirlər

 

Redaktorun sözlərinə görə, qəzetə yazı verən filologiya və tarix fakültələrinin tələbələri jurnalistika fakültəsinin tələbələrinə nisbətən çoxluq təşkil edir: "Əslində qəzetimizə, demək olar ki, bir çox fakültələrin tələbələri yazılar verirlər. Lakin jurnalistika fakültəsinin tələbələrinin gözəl istedada malik olmalarına baxmayaraq, buraya yazı verməkdə o qədər maraqlı deyillər. Buna səbəb kimi, bu tələbələrin artıq ölkədə nəşr olunan bir çox tanınmış qəzetlə əməkdaşlıq etmələrini görürəm. Belə ki, artıq onlar universitet çərçivəsindən kənara çıxırlar, vaxt məhdudiyyətləri də bir yandan".

Universitetin qəzeti barədə BDU-da təhsil alan tələbələrin də fikrini öyrənməyə çalışdıq. Kimya fakültəsinin tələbəsi Aytən Məmmədli qəzetlə əməkdaşlıq edən tələbələrdəndir: "Kimya fakültəsində təhsil almağıma baxmayaraq, bu sahəyə çox marağım var. Bu qəzeti nəşr edənlərə öz təşəkkürümü bildirirəm ki, istedadlı tələbələrin üzə çıxmalarına imkan yaradırlar. Təbii ki, həm də qəzeti daimi oxuyanlardanam,xüsusilə də "Məşhur universitet" rubrikasını bəyənirəm. Çünki hər dəfə bir xarici universitet barədə məlumat əldə edirəm".

Fizika fakültəsinin tələbəsi Fidan Nəsirova isə qəzetdə yazılarla çıxış etməsə də, daimi oxucusudur: "Çalışıram daim oxuyum qəzeti, çünki maraqlı məlumatlar olur, əsas da son səhifədə hər dəfə verilən məntiqi suallar məni özünə daha çox cəlb edir". Ancaq bir maraqlı məqam da var. Bir çox tələbə ilə söhbətdən məlum oldu ki, universitetdə belə bir qəzetin fəaliyyət göstərməsindən xəbərsiz olanlar da az deyil. Xüsusilə də geologiya və riyaziyyat fakültələrinin tələbələri.

    

Sevda Zahidqızı

 Həftə içi.- 2011.- 11 mart

 

Digər yazılar

Universitet yeməkxanaları- REPORTAJ

BDU-nun kitabxanası - reportaj

Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyi

BDU-nun “Gənc İstedadlar” liseyi