644 05-10-2018

Universitet yeməkxanaları- REPORTAJ

Saat 10-da Bakı Dövlət Universitetinin qarşısında fotoqrafımız Şahin məni gözləyirdi. Axşamdan danışığımız belə olmuşdu. Universitetin Gəncə darvazalarına oxşayan qapısından çox arxayın şəkildə içəri girəndə mühafizəçilər bizi saxladı.

 

– Hara gedirsiniz?

 

– Bufetdən reportaj hazırlamağa.

 

Mühafizəçilər məni yaxşı tanıyırlar. Təbii, narahatlıq Şahinlə bağlı idi. Yad adam görən kimi beləcə əl-ayağa düşürlər. Kimdir? Nəçidir? Məqsəd nədir? Çantasının içində nə var?

 

Fikirləşdim ki, əslində, yaxşı suallardır. Mühafizəçinin belə diqqətli olması yaxşıdır.

 

Məsələ aydınlaşdı və biz xoşbəxtlər ölkəsində – Bakı Dövlət Universitetinin həyətində öz qapı-bacamız kimi gəzməyə başladıq. Qapı-baca sözünü ona görə deyirəm ki, universitet mənə çox doğma bir yerdir, həyətinə girdimmi, burada özümü meydan sahibi kimi hiss edirəm. Həm tələbəsi olmuşam, həm də əməkdaşıyam. “Real Madrid” İspaniyada bir ingilis klubu qarşısında özünü necə arxayın aparırsa, mən də Bakı Dövlət Universitetində elə oluram: həmişəkindən daha bilikli, daha savadlı və daha istedadlı.

 

Universitetin düz ürəyinin başında məşhur bir çayxana var. Hamı bu çayxanaya PEPSİ deyir. Yəqin, eşitmiş olarsınız. Çayın bir çayniki 20 qəpikdir. Kimə deyirəm, inanmır. Şirniyyatlar da çox ucuzdur, nə qədər desən var. Dərdli, kədərli, sevdiyi qızın nadanlığına dözə bilməyən tələbə üçün Allah bu çayxanadan rahat və ucuz yeri başqa haradan tapsın? Allahın əlindən gələn budur, onu da eləyib. Təsəvvür eləyin, beş çaynik çay içirsən, bir manat edir. Düzdü, qadını çayla unutmaq çətin məsələdir, amma buna PEPSİ neyləsin?

 

PEPSİ-nin ən məşhur çayçısı Fərmandı. Gözəl insandır Fərman. Burda lap çoxdan işləyir. Hamını ovcunun içi kimi tanıyır. Tələbə biletinə ehtiyac yoxdur, Fərman insanın üzünə baxan kimi bilir, universitetdə oxuyur, ya yox. İşini o qədər dəqiq bacarır ki, uzaqdan bircə dəfə adını çək, özü biləcək sənə nə lazımdır.

 

Bir az uca səslə:

 

– Fərman...

 

– Gözlə, bir dəqiqəyə hazırdır.

 

Bilir ki, çay istəyirəm. Heç bir dəqiqə keçmədi ofisiant xanım çay gətirdi, yanında limon. Fərman bəzən çox istədiyi, hörmət elədiyi adamların nəlbəkisinə bir dilim limon artıq qoyur.

  Bu çayxana əsasən, tələbələr üçün nəzərdə tutulsa da, mən burada Azərbaycanın ən tanınmış alimlərini, ziyalılarını görmüşəm və indi də görürəm. Mühazirədən sonra tələbə öz müəllimi ilə burada çay içir. Bu mənzərəyə uzaqdan baxıram, necə gözəldir. Bəlkə də əsl dərs elə bu çayxanada gedir. Qeyri-rəsmi, arada heç bir kompleks yox.

  Elə gülə-gülə də PEPSİ-dən çıxıb əsas korpusa tərəf gedirik, Şahin də öz çık-çıkında. Binanın girişindən mühafizəçilər bizi yenə sorğu-sual edir. Yenə də problem mənimlə bağlı deyil. Şahin buralarda yad olduğu üçün narahat olublar. Kimdir? Nəçidir? Məqsəd nədir? Kürəyindəki çantanın içində nə var? Yenə fikirləşirəm ki, əslində, yaxşı suallardı. Mühafizəçi elə belə də olmalıdır. Və məsələ yenə aydınlaşır, icazə aldığımızı bildirib ürəklə ikinci mərtəbəyə – Bakı Dövlət Universitetinin ən böyük yeməkxanasına qalxırıq.

 

Bu yeməkxana çox genişdir, fikirləşirəm ki, burada 400-500 nəfərlik toy da eləmək olar. Tələbələrin yeni il şənlikləri, Novruz bayramları adətən bu zalda keçirilir. Şəkillərdən də görünür ki, bir universitet yeməkxanası kimi tayı-bərabəri yoxdur. Bura da əsasən, tələbələr üçün olsa da, universitetin istənilən əməkdaşı çörək yeyib, çay içə bilir. Dönər, hamburger, ayran, düyü, sup, püre və s. Yəni tələbə yeməkləri. Bir manata yekə bir boşqab püre yeyə bilərsən, 20 qəpik də çörək. Üstündən də bir çay, olursan xoşbəxt. Amma içəridəki yeməkxanalarda qəti siqaret çəkmək olmaz və bu, çox yaxşı xüsusiyyət kimi, hətta ürəyi siqaret eşqi ilə alışıb yanan oğlanların da xoşuna gəlir.

 

 

Yeməkxanada böyük bir güzgü də var, güzgünün üstündə rektor Abel Məhərrəmovun fikri həkk olunub. Güzgüdə özümə baxıram, əllərimi daraq eləyib saçımı darayıram, sonra da Abel müəllimin sitatını oxuyuram: “Əziz tələbə! Sən daim qürur duymalısan ki, ölkəmizin ən böyük, ən nüfuzlu və ən qədim universitetində təhsil alırsan! Bu məsuliyyət hissi ilə sən evdə də, ictimai nəqliyyatda da, dostlarının arasında da fərqlənməlisən! İntellektual səviyyən, zövqün, rəftarın yüksək olmalıdır! Hər kəs hiss etməlidir ki, sən Bakı Dövlət Universitetinin tələbəsisən!”

 

Rektorun tələbələrə bu tövsiyəsini oxuyandan sonra üzüaşağı – professorlar və universitetin rəhbər işçiləri üçün nəzərdə tutulmuş yeməkxanaya düşürəm. Fotoqraf qardaş universitetin bu yeməkxanasını görən kimi özünü saxlaya bilmədi, beləcə də dedi:

 

– Kəramət, bərk acmışam, bəlkə nəsə yeyək?

 

Doğrudan da əsasən, universitetin rəhbər işçiləri, professorlar, kafedra müdirləri, dekanlar üçün nəzərdə tutulmuş bu yeməkxananı görən kimi tox adama da qəfil dəli bir iştah gəlir. Yalan vacib deyil, özünüz şəkillərə baxın, görün. Ya da görənlərdən soruşun.

  

Bakı Dövlət Universitetinin hər korpusunda ayrıca bir bufet var. İsti, rahat, ucuz, təmiz, səliqəli... Bu yazını oxuyan tələbələr, məzunlar fikrimcə, mənim hisslərimi, duyğu və düşüncələrimi, nə demək istədiyimi yaxşı anlayacaqlar.

 

Kəramət Böyükçöl

Digər yazılar

BDU-nun kitabxanası - reportaj

Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyi

Bakı Dövlət Universitetinin "Bakı universiteti"

BDU-nun “Gənc İstedadlar” liseyi