492 02-02-2018

"Axı, yaddaş da bir sərvətdir!"

    Belə bir deyim var, heç kəs ağlından şikayət etmir, amma çoxları yaddaşından şikayət edir! Bəli, təbiətin biz insanlara ən böyük töhfəsidir, ərməğanıdır yaddaş!

  Sirli-sehirli, hələ indiyədək tam və axıra qədər öyrənilməmiş insan beyninin ən unikal xüsusiyyətlərindən biridir yaddaş! Hələ ən qədim zamanlardan üzü bu yana yaddaşı möhkəm olan insanlara, “hafizəli adamdır,, - deyə, qibtə ilə yanaşmış, yaddaşı və elmi bilikləri ilə cəmiyyətə fayda verən kəslərə isə, xüsusi hörmət və ehtiram göstərmişlər.

 Deyirlər, bir gün məşhur alim Qəzali bir karvana qoşulub uzaq səfərə çıxır.Yolda karvanın qarşısını kəsən quldur dəstəsi hər kəsi soyub-talayır. Növbə Qəzaliyə gəlib çatanda isə necə deyərlər, onun üst-başından heç nə tapa bilməyən quldurlar ümidlərini alimin çiynindən aşırdığı çantaya bağlayırlar. Çantadan isə kitablardan, alimin əlyazmalarından başqa heçnə çıxmır.Bundan bərk qəzəblənən quldurlar, alimin əlyazmaları ilə dolu çantasını oda atıb yandırmaq istəyirlər. Bütün başına gələnlərdən bərk təşvişə düşən alim quldurbaşıdan çantasının geri qaytarılmasını xahiş edir. Qəzalinin həddən artıq təşvişə düşməsi, həyəcanı və yalvarışı quldurbaşının nəzərindən yayınmır və o alimə: “Axı bu çanta sənin üçün niyə belə qiymətlidir?” - deyə, müraciət edərkən belə bir cavab alır: “O, çantada mənim illərlə böyük zəhmət hesabına əldə etdiyim bilgilərim, başım-beynim var”. Belə olduqda quldurbaşı: “İllərlə təhsil almısan ki, öz başını çantadamı gəzdirəsən?” - deyə, istehza ilə gülür, rəhmə gələrək alimin əlyazmaları ilə dolu çantasını özünə qaytarır. Deyirlər ki, elə o vaxtdan da Qəzali yaddaşını möhkəmləndirməyinin qeydinə qalır, öz üzərində çalışmaqla istəyinə nail olur.

 Bəli, təbiət insana öz üzərində çalışaraq bir çox istəklərinə çatmaq səadətini, qabiliyyətini də bəxş etmişdir. Yetər ki, insan özü buna can  atsın. Necə ki, məşhur alim və mütəfəkkir İbn Sina uzun illər Aristotelin məntiqə dair elmi kitablarının mahiyyətini oxusa da dərk edə bilmir və bundan əziyyət çəkirdi. Günlərin birində o, Buxara bazarında kitab cildləyən dükanın qarşısında müdrik bir insanlar qarşılaşır. Müdrik İbn Sinanın pərişanlığının səbəbini bilincə, ona belə bir tövsiyə verir: “İnsanın hiss etmədən, duymadan dərk etməyə, dərk etmədən isə öyrənməyə cəhd etdiyi bilik heç vaxt səmərə verməz. Dərk edərək öyrəndiklərin isə yaddaşında həmişəlik qalar”.

Rəvayətə görə, hələ çox gənc olan İbn Sina o vaxtdan Aristoteli yenidən, diqqətlə, yaddaşında mühüm məqamları saxlayaraq öyrənir.Vaxtaşırı öyrəndiklərini təkrarlamaqla isə alim istəyinə nəhayət ki, nail olur. Sevincindən Buxara kasıblarına qurban paylayan İbn Sina hamıya: “Mən hafizəm, yaddaşım və zəhmətimlə Aristoteli nəhayət ki, dərk etdim” - deyə, söyləyir.

Bəzən yaddaşı güclü olan adamlar haqqında: “Əşi, o elə anadangəlmə fitri istedaddır’’-deyə, söyləyirlər. Belə bir fikirlə heç vaxt razılaşmayan Eynşteyn həmişə deyərmiş: “Mən bütün elmi uğurlarım üçün 99,9% zəhmətə, 0,1% istedada borcluyam”. Doğrudur, irsiyyətlə keçən fitri istedadı heç kəs inkar edə bilməz. Ancaq zəhmətsiz istedadın faydasızlığı, getdikcə sönməsi də hamıya bəllidir.

 Hər bir kəs, o cümlədən hər bir tələbə beynində elə də böyük əhəmiyyət kəsb etməyən “faydasız” məlumatları çıxararaq, onu təhsili və uğurları üçün lazımlı bilgilərlə əvəz etsə, dərsdə öyrəndiklərini sistemli şəkildə təkrarlasa, və yaxud asudə vaxtlarını universitetimizdə hər cür şəraiti, zəngin kitab bazası ilə göz oxşayan kitabxanalarında keçirsə, daima şikayət etdiyi “yaddaşsızlıq”dan asanlıqla qurtula bilər.

Gəlin, misilsiz nemət olan tələbəlik illərinin qədrini bilək, doğma universitetimizin auditoriyalarında aldığımız bilikləri gələcəyimiz üçün yaddaşlarda həkk edək. Axı yaddaş da bir sərvətdir.

 

Aydın Məmmədov

Tarix üzrə fəlsəfə doktoru 

Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş