342 02-01-2018

Qızılgül əfsanəsi

    Güllərə, çiçəklərə olan sevgi ən ülvi, həzin və ünyetməz insan duyğularının əksi, təcəssümüdür. Güllər və çiçəklər təbiətin nazlı-duzlu, ən incə gözəllik töhvəsi, şah əsəridir. Güllərə, çiçəklərə olan sevgi əslində canlı təbiətin bu kamil gözəlliyinin ən əsrarəngiz forma və rənglərinə, qəlbimizə və ruhumuza təravət gətirən qoxularına heyranlıq, bağlılıq deməkdir.

    Təbiət – gözəlliyin ən qədim və ən geniş mənbəyidir. Gözəllik təbiətdə insandan asılı olmayaraq mövcuddur, lakin təkcə insan onun kamilliyini başa düşür. Gözəllik yalnız insan üçün onun həyatına rəng və məna verən nəhayətsiz ilham və sevgi mənbəyidir. Bu mənada güllərin şahı sayılan qızılgülün insanların hiss və idrak dünyasında ayrıca yeri və məqamı vardır. Deyilənə görə hətta islam peyğəmbəri Hz.Məhəmməd (s.ə.s) anadan olarkən qızılgül ətri vermişdir.

    Deyirlər, keçmiş zamanlarda Qızılgüllə Bülbül bir-birini ürəkdən sevirlərmiş. Onların bu sevgisi hər yana yayılır, axır ki, gəlib qızın atasının qulağına da çatır. Ata bərk qəzəblənir, qızını çağırıb deyir ki, bu sövdadan əl çəksin. Qız çox yalvarır, amma ata heç cürə razı olmur.

    Qız sevgilisi ilə qovuşmayacağını başa düşüb başqasına getməkdənsə ölüm istəyir. Allahdan bu istəyinə çatmasını diləyir. Qızılgül ölmür, ancaq bir gülə çevrilir.

    Bülbül sevgilisinin başına gələn əhvalatdan xəbərdar olub göz yaşı tökür. Onu ahı göylərə gedib çatır. Bir gün adamlar durub görürlər ki, Bülbül yoxdur. Onun yerinə gülün başına dolanıb, həzin-həzin, cəh-cəh vuran bülbül var. Bülbül gülün başına dolandıqda özünü zərb ilə onun tikanlarına çırpır. Tikanlar bülbülün sinəsini dağıdıb qana qəltan eləyirlər. Bu qan gül koluna səpələnib onun rəngini qızardır. Deyirlər, o vaxtdan həmin gülün adı Qızılgül qalıb. Bülbülü gülə yaxın qoymayıb onun sinəsini qana qəltan edən tikanlar da qızın atası imiş.

    Qədim yunan mifologiyasında isə baş tanrı Zevs qızı – gözəllik ilahəsi Afroditanın dəniz tanrısı Poseydonla olan izdivacından xəbər tutanda bərk qəzəblənir. Zevs qızına bir daha dənizə getməməyi əmr edir. Sonuncu dəfə dənizi tərk edən Afroditanın bədənindən süzülən bəyaz dəniz köpükləri Poseydonun ona olan sevgisinin ifadəsi olaraq ağ qızılgüllərə çevrilir. Bu gülləri Afroditaya vermək istəyərkən, Zevsin qəzəbi tikan olub Poseydonun əllərinə batır. Beləcə ağ güllər onun qanı ilə al rəngə boyanır. Elə o vaxtdan da al qızılgül ülvi sevginin, saf məhəbbətin rəmzinə çevrilir.

    Beləcə, tarixi dövrlər öz gözəllik idealını, dəyərlərini yaratmış, onu gələcək nəsillərə qiymətli ərməğan kimi ötürmüşlər. Bu dəyərlər bizə baxmaqla yanaşı görmək, gördüklərimizdən zövq almaq bacarığını da tərbiyə etmişlər.

    Şaxtalı qış günlərindən biri idi, soyuq külək hamını harasa tələsdirirdi. Universitetin daş darvazasından içəri keçərkən gözüm budanmış qızılgül kollarına sataşınca sanki, içimdə bir dünya sevinc, fərəh hissi, ruh yüksəkliyi oyandı.

    Gözəlliyin əzəli simvolu olan bu güllər şux və məğrur qaməti, zərifliyi və mətinliyi bir arada birləşdirən incə görkəmi ilə məni heyran etdi. Önündə ayaq saxlayıb onları sanki ilk dəfə görürmüş kimi xeyli baxdım.

    Biz təbiət aləminə daha dərindən nüfuz etdikcə, o da bizim qarşımızda daha rəngarəng, daha gözəl görünür. Gözəlliyin ən qədim və ən geniş mənbəyi olan ana təbiət öz sirlərini bizimlə daha yaxından bölüşür, həyata, qələbəyə, saf niyyətlərə, ürfan məqsədlərə çatmaq inamımızı daha da artırır.

    Doğma universitetimizin elə girəcəyindəcə, divar boyu əkilən qızılgüllər qışın soyuğunda, sazağında belə hər kəsin qəlbində təkcə ilıq bahar nəfəsi, bahar təravəti deyil, həm də bu gözəlliyi yaradan universitet əməkdaşlarına dərin rəğbət və minnətdarlıq hissləri yaradır. Gəlin, günü-gündən çiçəklənən, gözəlləşən, uğurları ilə aləmə səs salan doğma universitetimizi sevək, qüdrətlənən müstəqil Azərbaycanımızın işıqlı sabahı naminə elmi biliklərimizi daima yüksəldək.

 

t.ü.f.d.  Aydın Məmmədov

Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi

 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş