753 02-02-2018

"Dilimizə sahib çıxmaq bizim borcumuzdur" - Professorlarla söhbət

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. İnsanın mənəvi aləminin əks-sədası olan ana dili  onun mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında mühüm rol oynayır, millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin qayda-qanunlarına əməl etməyi müəllimlərimizdən öyrəndik. Bu gün də  müsahiblərim bizə  doğma dilimizi incəliklərinə qədər həvəslə  öyrədən müəllimlərimiz Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Sənubər Abdullayeva, adıçəkilən kafedranın müəllimi, professor  Elmira Həsənova, Ümumi dilçilik kafedrasının müəllimi, professor Əbülfəz Rəcəbov oldu.

−Elmira xanım, ana dilimizdə azad şəkildə danışa bilmək səadəti xalqımıza nə  bəxş  etdi və biz bu səadəti lazımınca dəyərləndirə bilirikmi?

Ana dilində qadağalardan azad şəkildə danışa bilməsi xalqımızın  qəlbinə rahatlıq, həyatına fərəh gətirdi. Bir müddət rus dilinin təsiri altında olmuşuq. İndi isə  tamamilə Azərbaycan dilinə keçmişik. Hamı Azərbaycan dilində danışır. Dilin saflığı mümkün qədər qorunur. Rus dilinin təsirindən azad olan dilimiz yad ünsürlərdən təmizlənir. Ancaq bu o demək deyil ki, xarici dilləri bilməyəsən. Xarici dillərdə olan nəzəri ədəbiyyatdan istifadə edib müqayisələr aparmaq üçün bu dilləri də öyrənmək lazımdır. Elm müqayisə şəraitində daha tez və sürətli şəkildə inkişaf edir. Azərbaycan dilçiliyinin inkişafı da burada mühüm rol oynayır. Dilimiz zəngin söz ehtiyatına malikdir. Ancaq rus sözləri, digər əcnəbi  sözlərin məqamında işlənməməsi, xarici dilə aid sintaktik strukturların dilimizə daxil edilməsi dilimizi korlayır. “Sular” yazırlar. Su sözü cəmlənməməlidir. Rus dilində cəmlənir deyə onlar da belə yazıb. Olmaz! Gəlin öz doğma dilimizi incəliklərinə qədər öyrənib bu dildə danışaq!

−Sənubər xanım, dil normaları, üslub məsələləri nə dərəcədə qorunur?

Biz tədris mühitində tələbələrimizə bu məsələyə dair qaydaları incəliklərinə qədər öyrətməyə çalışırıq. Ancaq bununla iş bitmir. Gərək hər kəs üzərinə düşən işin məsuliyyətini dərk etsin. Söhbət dildən gedirsə, xüsusilə, diqqətli olmalıyıq.  Üslub pozuntusuna daha çox I şəxsin işləndiyi cümlənin xəbərinin III şəxsin cəmində verilməsini misal göstərmək olar.  Həftə, il sözləri yerlik halda işlənmir. Hər həftədə müəllimlərlə görüşürük yox, hər həftə görüşürük olmalıdır. İfadəyə diqqət edin: “İlk öncə” . Bu nədir?! “Müəllim olaraq bunu deyirəm yox, mən müəllim kimi belə deyərdim”,- olmalıdır. Reklamların dili bərbad vəziyyətdədir.  İnqlab küçəsindəki yazılar adamı lap dəhşətə gətirir: paltar maşını dünyası, kafel, pitiminutka. . .

Sovet dönəmində Azərbaycanın rəsmi dairələrində, dövlət idarələrində rus dilində danışmağa üstünlük verilib. Hazırda dövlətlərarası yazışmaların Azərbaycan dilində olması, rəsmi sənədlərin doğma dilimizdə tərtibi, kinofilmlərin, cizgi filmlərinin Azərbaycan dilində səsləndirilməsi  isə yaxşı haldır.

−Əbülfəz müəllim, dilimizin hazırkı mövqeyi sizi qane edirmi?

Dilimizin mövqeyi özümüzdən asılıdır. Özümüz dilimizə hörmət etməsək, heç kəs  bizim dilimizə hörmət etməz. İlk növbədə, reklam, idarə, mağaza, kafe-restoran adları öz dilimizdə olmalıdır. Heç uzağa getməyək. Elə universitetimizin yerləşdiyi Bəxtiyar Vahabzadə küçəsindəki restoranın adına diqqət edək: “Padişah”. Türklərin yazdığı kimi yazılıb, bizdə isə bu söz padşah şəklindədir. Ən yaralı yerimiz isə televiziyadır. Azərbaycan dilinə Azərbaycan televiziyası qədər zərər vuran ikinci bir şey yoxdur. Dilimiz çox zəngindir, hər sözün neçə mənası var. Ona görə də istər yazıda, istərsə də nitqdə məntiqli olmaq, sözü düzgün və yerində ifadə etmək lazımdır. Vurğunu düz vurmadıqda da məna dəyişir. Vurğu dilimizdə son hecadadır. Onlar isə buna diqqət etmir, vurğunu pozurlar. Məsələn: sima sözündə vurğu ikinci hecadadır, onlar isə bəzən vurğunu birinci hecaya vurur, bu zaman məna dəyişir, hətta fikir mənasızlaşır. Mən efirdə səsləndirilən yalnış ifadələri tarixinə, dəqiqəsinə, saniyəsinədək qeyd etmişəm. “Son xəbərlər”də də səhv olandan sonra digərlərindən nə gözləmək olar?! “Dağıstan respublikasının iki rayonunda iri buynuzlu heyvanlar və insanlar arasında baş vermiş qara yara xəstəliyi...” İribuynuzlu sözünü insana necə aid etmək olar?!

         Şəhərimizdə reklam və elanların dili, eləcə də fəaliyyət göstərən şirkətlərin, müəssisələrin, şadlıq saraylarının, hətta qəzetlərin adı ilə bağlı müxtəlif qüsurlar var. Reklamların dili daha bərbad vəziyyətdədir: “Snikerslə”; “Zamanla saçların ucu kövrək olur ( zaman keçdikcə olmalıdır); “Tofiq Dadaşov cadugərliyi aradan qaldırır”. Elə qəzetlərdə də səhvlər olur: “ 1926-cı ildə bir yaşında olan bacımın bir qızını götürüb saxlamışıq”. “1980-ci ildə yeddi yaşında ikən qardaşımın bir qızını götürüb saxlamışıq”.

         2003-cü ildə “Dilimiz varlığımızdır” adlı məqaləmdə Humboltun fikrinə istinad etmişəm. Bu fikri mühazirədə sizə də söyləmişəm. Humbolt deyir: “ Xalqın dili xalqın ruhu, xalqın ruhu xalqın dili. Daha çox eyniyyət təşkil edən bir şey fikirləşmək olmaz”. Hətta dil adamın əxlaqını müəyyənləşdirir. Ona sahib çıxmaq, yad ünsürlərdən qorumaq bizim borcumuzdur!

 

İlahə Dadaşova,

Filologiya fakültəsinin dissertantı 

Digər yazılar

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”