340 02-02-2018

“Çətinliklərdən qorxmamalıyıq, onları əvvəldən gözə almalıyıq...” - Müsahibə

 

 

 

Doğru fikirdir ki, əgər qadın istəsə, aşa bilməyəcəyi maneə, həll edə bilməyəcəyi problem, fəth edə bilməyəcəyi zirvə ola bilməz. Əslində, yalnız qadının yox, istənilən insanın uğuru onun inamından asılıdır, özünə inamından. Mənim qəhrəmanım isə qadındır. Özünə inanan və uğur qazanan qadın. Ailəsinin xanımı, tələbələrin sevimli müəllimi, elmimizi beynəlxalq sferada təmsil edən, bir çox nailiyyətlərin müəllifi... Zərif olsa da, zəif deyil, hətta bir çox kişidən güclü, iradəli və uğurludur. Buna əmin olmaq və onun uğur yolu ilə tanış olmaq üçün söhbətimizi oxumaq kifayətdir.

 

Elvira Lətifova 1974-cü ildə ziyalı ailəsində dünyaya gəlib. 1991-ci ildə Qax şəhər 3 saylı orta məktəbi gümüş medalla bitirib, həmin il BDU-nun tarix fakültəsinə qəbul olunub. Hazırda Elvira xanım 3 monoqrafiya, 60 dan artıq elmi məqalə, dərs və metodik vəsaitlərin müəllifidir. Fakültədə rus, Azərbaycan, ingilis dillərində dərsləri tədris edir.

Ailəlidir, iki övladı var.

- Elvira xanım, çox güclü və uğurlu qadın obrazı yaratmısınız. Siz necə, özünüzü güclü hesab edirsinizmi?

- Bəli, özümü güclü qadın hesab edirəm, çünki öz gücümə və potensialıma inanmasam, həyatda hər hansı nailiyyəti əldə edə bilmərəm. Güclü olmaq, uğur qazanmaq üçün xeyli əmək sərf etmək lazımdır. Bu isə gərgin iş, əzm və yuxusuz gecələr hesabına əldə edilir. Təəssüf ki, bir çoxlarımız daha asan yollara qaçır, sonra da uğursuzluqdan, şanssızlıqdan, taledən gileylənirik. Digər tərəfdən, hər bir insan uğur qazanmaq üçün çalışdığı sahəni, işi sevməlidir. Bildiyiniz kimi, universitetdə həm elmi, həm də pedaqoji fəaliyyəti paralel olaraq yürütməliyik. Bu isə çox çətindir. Əgər işimizi sevməsək, bunun öhdəsindən gələ bilmərik. Əks halda, uğur qazanmaq mümkün deyil.

 

- Ancaq cəmiyyətdə belə bir fikir formalaşıb ki, yalnız kişi güclü ola bilər. Yəni ailədə və cəmiyyətdə qadının güclü ola biləcəyi bir o qədər də qəbul edilmir. Sizcə?

- Haqlısınız, əksər hallarda kişilərimiz eqolarını qane etmək məqsədilə qadınların onlar qədər uğurlu ola biləcəklərini şübhə altına alır, qadınları ciddiyə almadıqlarını göstərirlər. Əslində, bu cür baxış təkcə Azərbaycan cəmiyyətinə deyil, dünyanın əksər ölkələrinə xasdır. Bununla bağlı xüsusi "cam tavan” deyə bir termin də meydana çıxıb. Hətta "qadınlar üçün uyğun olmayan ixtisaslar”ı belə sadalayırlar. Fikrimcə, belə düşünənlərin əksəriyyəti daxili yetərsizlik kompleksinin daşıyıcılarıdır. Zahirən özlərini güclü göstərsələr də, daxildə yetərsizliklərini hiss edirlər.

- Bəlkə, bu duyğunu onlara yaşadan qadınlarımız da az deyil?

- Tamamilə razıyam. Bu cür baxışın formalaşmasında kişilərlə yanaşı, qadınların da təqsiri var. Bir çox qadınlar çalışmaq, çalışdıqları sahədə uğur qazanmaq barədə düşünmür, əksinə özləri üçün evdar qadın həyat tərzini seçməyi, bütün məsuliyyəti isə həyat yoldaşlarına həvalə etməyi üstün tuturlar. Hətta ali təhsil alan qızlarımızın çoxu da yalnız "şöhrət” üçün diplom almağa can atırlar.

 

- Tələbələrin sevimli müəllimlərindənsiniz. Onlar dərslərinizə böyük maraq göstərirlər. Şəxsi həyatınızdakı çətinlikləri auditoriyaya daşıdığınız anlar olubmu?

- Mən həmişə deyirəm ki, müəllim eyni zamanda yaxşı aktyor olmalıdır, əks halda auditoriyanı idarə etmək, ələ almaq mümkün deyil. Hamımızın problemi də var, çətinlikləri də. Amma bunları auditoriyaya girərkən qapı arxasında unutmaq, tələbələrin qarşısında pozitiv enerji ilə dayanmağı bacarmaq lazımdır. İnanın, o pozitiv enerji mütləq tələbələrə yansıyır və onlar da dərsdə həvəslə iştirak edirlər. Elə anlar olub ki, dərsi apara bilməyəcəyimi düşünmüşəm; Amma çox qəribədir ki, auditoriyaya girən kimi bunları unudub, dərsə elə köklənmişəm ki, həmin dərslər həmişəkindən də maraqlı alınıb.

 

- Demək ki, bu, peşənizə olan sevginizdən qaynaqlanır.

- Bəli, insan sevdiyi işdən yorulmur. Bu səbəbdən də uşaqların ixtisas seçimində valideyn basqısının tam əleyhinəyəm. Yönləndirmək, məsləhət vermək olar, amma qərarı insan özü verməlidir. Fikrimcə, bu gün "uğursuz peşə sahibləri ordusu”nun yaranmasının səbəblərindən biri də budur.

 

- Siz həm də ailənizin xanımısınız, oğul və qız övladınız var. Ailənizi və işinizi necə tənzimləyirsiniz?

- Ailəmin olması elmi-pedaqoji fəaliyyətimə mənfi təsir etmir, əksinə mənə stimul verir. Əlbəttə ki, hər ikisini eyni anda yürütmək o qədər də asan deyil. İkisini də paralel yürüdə bilmək üçün isə mütəşəkkil olmaq, işləri düzgün planlamaq, tənzimləmək lazımdır. Açıq deyim ki, mənim uşaqlarımın nə dayəsi olub, nə evdə köməkçim var. Bu məsələdə ailədə anlayış və dəstək görmək çox önəmlidir və bu mənada taleyimdən razıyam. Başqa peşənin sahibi olmasına baxmayaraq, həyat yoldaşım (ixtisasca həkimdir) mənə hər zaman dəstək olub. Bütün problemləri də, uğurları da birgə bölüşmüşük. Çox şükür ki, övladlarımız da sağlam, gözəl ailə mühitində böyüyür, uşaq olmalarına baxmayaraq, valideynlərini də anlayırlar. Məsələn, mən yazılarımla məşğul olarkən oğlum hələ balaca idi və müxtəlif suallarla yanıma gəlib-gedəndə qızımın: "Görürsən, anamız yazır, onun fikirlərinə mane olma”, - deyib onu kənara çəkərək otağımın qapısını örtdüyünü dəfələrlə görmüşəm və öz-özümə gülümsəmişəm. Və təbii ki, övladlarımın bu cür anlayışlı böyümələrinə sevinmişəm. Yaxud xarici səfərlərimlə bağlı elə olub ki, uşaqları qoyub getməkdə tərəddüd etmişəm, amma uşaqlar, əksinə deyiblər ki, get, bu, sənin işindir, sən onsuz da bizim üçün hər şeyi hazırlayıb gedirsən, niyə işindən qalmalısan ki. Bəzən onların uşaq olmalarına baxmayaraq, bu qədər kamil düşünmələrinə təəccüblənirəm də.

- Adətən, belə bir şablon sual verirlər ki, ailəni, yoxsa karyeranı seçərdiniz. Bu suala da verilən cavablar həmişə eyni olur. Bəs Siz bu suala necə fərqli cavab verərdiniz?

- Karyera ilə ailə arasında seçim... Fikrimcə, bunlardan birisini seçmək doğru deyil, çünki hər iki halda qadının daxilində istifadə olunmamış potensial qalacaq. Təbii ki, bu, mənim subyektiv fikrim ola bilər və hər kəsin həyata və həyatdakı prioritetlərə öz baxışı var. Məncə, qadın ailə qurmazdan, ana olmazdan əvvəl bu və ya digər ixtisasa yiyələnməli və iş sferasında, ən azından, ilk addımlarını atmalıdır. Yəni ailə qurmadan öncə qadın həyatda müəyyən mövqe əldə etməli, nəyəsə nail olmalı və öz ayaqları üstündə sərbəst dayanmağı bacarmalıdır. Burada maddi cəhətdən də bu və ya digər dərəcədə müstəqil olmaq çox vacibdir. Çünki yalnız öz məsləyi olan, ayaqları üzərində sərbəst dayana bilən, müəyyən mövqeyə malik olan, həyatın müxtəlif çətinliklərinə duruş gətirməyi bacaran qadın gələcəkdə ana olduqda övladına eyni keyfiyyətləri aşılayaraq onu güclü insan, şüurlu vətəndaş kimi yetişdirə bilər.

 

- Qadının uğur qazanması üçün nə kimi tövsiyələriniz var?

- İlk növbədə, analara səslənmək istəyirəm: gəlin qızlarımızı gələcəyin "arvadı” kimi deyil, qadını kimi tərbiyə edək. Yəni qız uşağına artıq kiçik yaşından sərbəst olmağı, öz fikrini ifadə edə bilməyi öyrətməliyik. Qızların təhsil almaları, ixtisasa yiyələnmələri olduqca vacibdir. Böyük xeyriyyəçi H.Z.Tağıyevin sözlərilə desək, "bir oğlana təhsil verməklə bir savadlı insan, bir qadına təhsil verməklə isə bir savadlı ailə əldə edərik”. Yəni təhsilli, dünyagörüşlü ana, təbii ki, öz nümunəsi ilə qızını da eyni istiqamətdə yetişdirəcək və bu ənənə nəsildən nəsilə ötürüləcək. Bundan başqa, insan öz üzərində daima çalışmalı, təkmilləşməlidir. Əgər bir insan hər şeyi bildiyini sanırsa, deməli, o, öz inkişafında artıq dayanmışdır. Digər tərəfdən, əgər biz həyatda nələrəsə nail olmaq istəyiriksə, çətinliklərdən qorxmamalıyıq, onları əvvəldən gözə almalıyıq. İstirahətimizdən, yuxumuzdan, əyləncədən kəsməyi bacarmalıyıq. Bir də bütün çətinliklərə baxmayaraq, pozitiv qalmağı, gülməyi bacarmaq lazımdır. Çünki bu, yeganə sərvətdir ki, paylaşdıqca çoxalır.

 

 Anzulə Əmirova

"Bakı Universiteti" qəzeti,

baş redaktor

 

Digər yazılar

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”